tablo: üzləşmək
tablo: üzləşmək
Bəzən insanlardan, içində yaşadığımız toplumdan gizləndiyimiz çox olur. Gözlərimizi qaçıraraq, üzümüzə böyük gülümsələr yerləşdirərək, ən parlaq rəngləri geyinərək, edə biləcəyimiz ən gündəlik şeyləri edərək içimizdəki qaranlığı çox dərinlərə basdıra bilmə ehtimalımıza ümid edirik. Çünki qaranlıq bilinməzlik və qorxunu gətirir. İnsan yalnız başqalarının deyil, öz qaranlığından belə qaçmağa çalışır, onu tanımaq, hətda onu anlamaq belə istəmir, onun öz ruhunun bir uzantısı olduğunu və istədiyi qədər gizlətməyə çalışsa da, getdiyi hər yerdə, etdiyi, gördüyü, sevdiyi, nifrət etdiyi, yazdığı, çəkdiyi, izlədiyi hər şeydə içindəki qaranlığın onu kölgəsi kimi izləyəcəyi həqiqətini görməzdən gəlməyə çalışır. Amma bəzi hallar da qaranlıq da öz azadlığını əldə edir və insan iradəsinin kənarına çıxaraq, onu yox sayan varlığın önündə dayanır. Birini itiririk. Artıq əllərimizin ona toxuna bilməyəcəyinin fərqinə varırıq, artıq onu qucaqlaya bilməyəcəyimizin və gözlərini izləyə bilməyəcəyimizin fərqinə varırıq. Birini itiririk. Başqa bir dəfn anına gücümüz yetəcək kimi olmur, azad buraxırıq, idarə bizdən yavaşca ayrılır və qaranlıq yenidən dünyamıza gəlmək üçün bir şans əldə edir, sümüklərimiz arasında yavaşca süzülür, özünü toparlayır və bir küncə ya da bir yatağa sıxılıb qalmış bədənlərimizin qarşısında dim-dik dayanır.
Qaranlığın üzünə başımı qaldırıb baxdığım ana qədər, onun göndərilmiş bir cəza olduğunu, nifrətlə qarşımda durduğunu düşünürdüm. Amma daha ağırı ilə gəlmişdi, əlində bu günə qədər anlamağı dilədiyim nə varsa, hər birinə aid cavablarla gəlmişdi. Üzündə nifrətə dair heç bir iz yox idi, sadəcə bu qədər yox sayılmaqdan dolayı çox üzülmüşdü ya da bilmirəm, bəlkə də uşaqlıqdan birlikdə böyüdüyümüz insanı itirməyimizə ağlayırdı. Bütün ətrafımı saran qaranlığı izlədikcə anlamağa başladım. Bir insanın niyə qaranlıqda qalmağı seçə biləcəyini, danışmağa həvəsli olunan mövzuların heç danışıla bilməyəcək qədər yorğun olunmasını, Vincent Van Goghun niyə qulağını kəsdiyini, yaralarındaki qan quruyana qədər yaralarını açıq buraxanları, Big Bangdan (Böyük Partlayışdan) sonra kainatın necə qurulduğunu, niyə birini itirən insana səbr dilədiklərini, bütün inanc sisteminin, xəyalların, düşüncələrin, hislərin, varlığın necə başdan-başa sıfırlanıb, yenidən qurulmaq üçün güc tapıla biləcəyini ya da tapılmağa çalışacağını, insanla, təbiətlə, canlılar və cansızlarla olan bütün savaşların hər-hansı qalibi olmayacağını və qaranlığını sorğuladığım hamını tək-tək anlamağa başladım. Ən dərindən anladığım isə, insanların qaranlığa niyə bu qədər qorxunc olaraq yanaşmaları idi. Çünki qaranlıqda ən kəskin görünən şey öz içimdəkilərin əks olunması idi. Hər yaşımdan, hər anımdan mənlər gəlmiş, harda başlayıb, harda bitdiyini bilmədiyim qaranlıqda mənlə birlikdə ağlamağa razı olmuşlardı. Acı çəkən gözlərdə, işığı tapmaq necə çətinmiş deyə düşündüm. Mənlərimi izlədikcə anlamağa başladım, acı çəkən bir qəlbdə sevgi qırıntıları tapmaq belə necə ümid verici imiş.
Üzləşmək necə ağır imiş. Bir dəfə də olsun, yenidən qucaqlamaq üçün hər şeyi verə biləcəyin insanı itirdiyin həqiqəti ilə üzləşmək, acının insanı nəyə, kimə dönüşdürə biləcəyi həqiqəti ilə üzləşmək, amma ən qəribəsinin də qaranlığın bizə o acını dönüşdürməyimiz üçün sonsuz şans verməsi, əgər onu dönüşdürməyə cəhd etməzsək, ona təslim olmağın acıdan acı doğura bilcəyi ilə üzləşmək oldu. Yazılan, çəkilən ya da başqa formalara dönüşdürülən qədər asan deyil acı ilə üzləşmək, çünki peşmanlıqlardan, özləmlərdən, qorxulardan, yaşamaqdan, burda olan yaşamdan ayrılmaqdan daha çətinmiş üzləşmək. Deyəsən şanslı olduğumuz bir şey var o da, acının bir forması yoxdur, onu biz istədiyimiz formaya sala bilərik. Yük olub çiyinlərimizdə ev sahibliyi etməsinə, nifrət olub hər şeyə, hər kəsə qəlbimizdə yanan alovdan atmağa, tablo olub qaranlığımızı rəsm etməyə, yazı olub itirdiyimiz və yaxını itirən hər kəsin acısının xatirəsinə baş çəkməyə, qucaqlanma olub varlığımızı xatırlmağa, zamanın qısalığını xatırlayıb dəyərləndirməyə, burda yaza bilməyəcəyim və sonsuz ehtimalda var olan milyonlarla şeyə dönüşdürə bilərik. Duyduğumuz özləmlə nə edərik mən özümdə bilmirəm, amma qaranlığımızın içində olsaq belə o acıyı bir şeyə dönüşdürsək, bəlkə qaranlığımıza tuta biləcəyimiz bir işıq yandırarıq. Özləm isə artıq fiziki olaraq aramızda olmayan bütün sevdiklərimizi xatırlama yolumuzdur.
Üzləşməyə məcbur olduğum həqiqətə məktub:
Özləmin məndə hər zaman var olacaq, sənə duyduğum özləm belə qaranlığıma işıq yarada bilməyimə kömək edir, təşəkkür edirəm qardaşım, neçə yaşıma qədər burda olaram bilmirəm, amma burda olduğum müddətdə sənə duyduğum özləm hər zaman var olacaq, səni çox sevirəm, sənə sonsuz qucaqlamalar yollayıram qardaşım, mənə öyrətdiyin hər şey üçün təşəkkür edirəm və qəlbini qırdığım nə varsa çox üzr istəyirəm, ümid edirəm ki bilirsən, mən səni hər zaman çox sevdim, hər zaman çox sevəcəm. Aramızda uzaq məsafələr varmış kimi görünə bilər, amma mən etdiyim bütün işlərdə sənin izlərini tapa bilirəm, anamızın gözlərində, sevgi dolu sözlərində hər zaman ən gözəl yerdə olduğunu bilirəm, bacımızla hər qucaqlaşdığımızda sənin də bizə sarıldığına əminəm. Ailəmizin hər bir üzvünün, dostlarının, tanışlarının, işlərinin, hətda keçdiyin hər bir yolun səndən sonsuz izlər daşıdığına əmin ol. Yalnış anlama sənlə vidalaşmıram, zamanımızın danışmağa yetmədiyi şeyləri yazıram sənə ara-sıra. Daha çox zamanımızın olmasını çox istəyirəm. Bizlə birlikdə olduğunu bilirəm, hətda sənə gəldiyimiz gün yuxarıda vertolyot uçduğunu gördüm, əminəm ki sən də gördün və bir yerlərdə hələ də var olan uşaq bizlər tullana bildiyimiz qədər hündürə tullanıb yuxarıya əl sallayırıq və “Salammm, biz burdayıqqq” deyə qışqırırıq. Biz burdayıq qardaşım, sənə danışmalı olduğum çox şey var. Hamımız səni çox sevirik, Mircavad.. Qucaq dolusu sevgilər göndərirəm sənə, hamımız adına, görüşəcəyimiz günə qədər, var edə biləcəyim hər şeylə sevgilərimi göndərəcəm sənə. Qaranlığıma işıq tutduğun üçün təşəkkür edirəm qardaşım, sevgilərlə balaca bacın Mirvari..
Qardaşıma və özlədiyimiz bütün yaxınlarımızın xatirəsinə..
4 iyun'2024