dənizə baxan
dənizə baxan
Uşaqkən hara aid olduğumu çox düşünərdim. O zamanlar başqa bir ölkəyə, başqa bir insana aid olduğumu düşünməyə cəsarətim çatmazdı. Məndə həmişə başqa bir ailəyə aid olduğumu düşünürdüm. Nə vaxtsa gələcəklərini, olmaq istədiyim insan olmağıma icazə verəcəklərini xəyal edirdim. Çünki istəklərim, uğurlarım, insanalara baxış bucağım, kimliyim, yaradacılığım, qorxularım, mənliyim içinə doğulduğum ailəyə aid hiss etdirmirdi. Elə fürsətim olan kimi, xəyallar qururdum. Uzaqlardan bir qatar gələcək, içi rəngarəng olan qatar. Məni alacaq, aparacaq uzaqlara, hansı ki orda heç kim bir-birinə qışqırmır, insanlar sevgi və sağlıq içində yaşayırlar. Hətda heç bir-birlərinə acı sözlərdə demirlər, böyük yemək masalarında öz uğurlarını qeyd edirlər, gülüb-danışırlar, qalxıb rəqs edirlər, şeirlər oxuyurlar, ən əsası məni o masaya aid hiss etdirirlər. O masada əyləşdiyim üçün sevinc hissi duyurlar, yəni orda olmağımın mənim üçün əhəmiyyəti olduğu qədər onlar üçündə əhəmiyyəti var. İllərimi bu xəyalın həqiqət olmasını diləyərək keçirmişəm. Amma bu xəyalım heç vaxt real olmadı. Nə başqa ailə gəldi, nə də özümü hansısa böyük masalara aid hiss etmədim. Amma uzaqlardan qatarlar gəldi. Mən heç birinə bilet tapa bilmədim, heç o sıraya daxil ola bilmədim. Qatarların içinə ən sevdiyim insanlar mindi, mən də hər qatarın arxasıyca var gücümlə qaçamağa çalışdım. Hər dəfə bir sonraki qatara minib, ora getməyi istədim. Amma mənə nə qatarın hara gedib çatdığını deyən oldu, nə də mənim minə biləcəyim qatarın nə vaxt gələcəyini deyən oldu. Qatarlar gedəndən sonra insanlar bir-biri ilə dalaşmağa, ağlamağa, bir müddət sonra onların kimliklər yoxa çıxmağa və ətraf qaranlıqlaşmağa başladı. Bütün bunlar hər dəfə oldu. Tanıdığım insanların gözündə, onlara aid olan şeylərin silindiyini gördüm. Beləcə daha çox əmin oldum ki, mən də o qatara ən qısa zamanda minməliyəm. Qatarlardan geriyə qalan insanlar da, olanlar da məni dəhşətə salırdı. Böyüməyə çalışırdım, amma yoxa çıxdığımı hiss edurdim. İnsanların məni ən doğmamın gedişi ilə günahlandırdıqdan sonra öz həyatlarına heçnə olmamış kimi davam etdiklərini gördüyümdə, xəbəri aldığım gecənin səhərində dünyanın qaldığı yerdən dönməyə davam etdiyinin fərqinə vardığımda, insanlığın ağ-qaradan deyil, bütün rənglərdən ibarət olduğunun, bəzi dost deyə yanımızda duran insanların, bizim cismi varlığımız var olduğu müddətcə sevə bildiyinin, yanımızda dura bildiyinin, insanın içi dolub-dolub, bir tək özünü məhv edə bildiyin, kimliyimin məndən başqa heç kimə aid olmadığını hiss etdiyimdə, mənim dünyamının, mən olduğum müddətcə var olduğunu, bütün bunlar mənim içimdə böyük bir boşluq açdığının, hansı ki bu boşluq mənim özümü belə udacaq qədər böyük idi, gecə yarısı zehmində dalğalanan bu fikirlərin səhər mənim tamamilə başqa bir insan olaraq oyanmağıma səbəb olacağını anladığımda illər sonra Tanrıya bir məktub yazdım:
“Ey Tanrı, səninlə barışa bilmədiyimi bilirsən. Yalnız qaldığımda, qorxduğumda, ağladığımda, ümid etdiyimdə, qaçdığımda, dayandığımda, varlığımda və yox olmağı istədiyimdə, sənə sığınmışam. Nəfəsim çatmayıb, ağlayaraq oyandığım gecələrdə, gəlib yardım etməyin üçün, sənə yalvarmışam. Məndən alıb-apardığın insanlara görə səninlə barışa bilmirəm. Bəlkə də, onları bu dünyada buraxmağı istəməyəcək qədər çox sevirsən onları, onda məni niyə burada buraxmısan?Bəs mənim evim hardadır? Bu insanlar nələr edir? Məni ən doğmamın gedişində günahlandırıb, necə vicdanları rahat yaşaya biliblər? Tanrım, səninlə barışa bilmirəm, heç xəbərim yoxduki sən hardasan, varmısan, yoxmusan. Sənin hər şeyi gördüyünü, bildiyini deyirdi anam. İnanırdım mən ona. Sevdiklərimi almısan, harasa aparmısan, bəs o qatarı mən gözləyirdim axı. Gözləyirdim ki, qatar gəlib, mənidə rənglərin canlı, insanların xoşbəxt olduğu yerə aparacaq. Axı mən getməyi çox istəyərdim. Əgər ora apardıqlarını sevdiyin üçün aparmısansa, məni niyə sevməmisən, Tanrım? Yox əgər burada qalıb savaşmağımı istəmisənsə, mənim bunu bacara biləcəyimi düşünmüsənsə, onda niyə qardaşımdan ayrı böyüməyimi seçmisən. Günlərlə sənə səslənmişdim, gəl, səni görüm, soruşa bilim, hardadılar deyə, anam ağlar qalıb, oğlunu qaytar, mən gəlim, qatarın biletini özüm yandırmışdım. Getmək istəməmişdim, ailəm var idi, indi geri ala bilmə şansım varmı bilmirəm. Sənə əsəbi deyiləm, küskündə deyiləm heç, bəlkə də heç bir ünvanı olmayan məktubdur bu. Səndən bir xahişim var, mənə onlardan bir işarə gətir, yaxşı olduqlarını bilim, mənim xəyal etdiyimdən də yaxşı yerlərdə olduqlarını görüm, hardasa var bir yol, oralara gəlmək üçün, amma hələ getməyi istədiyim başqa yollar var. Səninlə doğulub, səninlə böyümüşəm, ey Tanrım, mənə işıq ver, su ver, nəfəs ver. İşığı getdiyim yola tuta bilim, hara getdiyimi, addımlarımı hara, necə atdığımı görə bilim, o yoldan keçən insanlar üçün cığır açım, başqalarının işığını yandırmasına kömək edim, işığımı paylaşa bilim. Verdiyin su ilə, yaralarımdaki qanı yuyacam, bütün paltarlarım torpaq olmuşdu, onları təmizləyəcəm, əyilib anamın dizlərindəki torpağı siləcəm, mənə su verki, içə bilim, yolum hələ çox uzundur deyəsən. Mənə su ver, amma məni boğmasın, ola bilsin, alıb-aparacaq məni harasa, qoy aparsın. Elə buna görə də səndən nəfəs də istəyirəm. Nəfəs ver Tanrım. Əgər verə bilirsənsə, bir nəfəs ver, yaşamaq üçün, yazmaq üçün, yaratmaq üçün. Qardaşıma ver nəfəsi, son dəfə onu görə bilmək üçün. Bəlkə bunu etməyəcəksən, onda elə bir nəfəs ver ki, mən iki nəfərin adınada yaşayıb, yarada bilim. Qardaşımın da, özümün də işlərini tamamlamağa nəfəsim çatsın. Verdiyin nəfəsləri, məndə açdığın böyük boşluqlara doldururam. Mənə səbr ver Allahım. Dünyaya olan ümidimi itirməmək üçün. Gediş yolu çoxdur, səni inkar etmirəm, hər birində varsan sən, getməyə yardım et, sənin yanına gələn qatara minənə qədər, başqa gözəl istiqamətə gedən qatarlara minməyimə, bu gördüyüm, hiss etdiyim dəhşətləri, gözəl şeylərə çevirməyimə, özümü, insanlığı sevməyimə, bu özləmlə yaşamağa kömək et, Tanrım. Sənin qatarın mənim üçün gələndə səsindən tanıyacam, səni sevgi və sevinclə qarşılayacam. Burada qaldığım müddətdə də sevgi və sevinc hiss etməyimə yardım et. Səndən bir xahişim daha var, onları mənim belə sevə bilməyəcəyim qədər çox sev Tanrım. Qoy bizim özləməmizi çəkə bilməyəcək qədər çox sevilsimlər, icazə ver, sənin sevgində, bizim sevgimizdən də izlər olsun, necə ki bizim sevgimizdə, sənin sevgindən izlər var. Tanrım bu ağrıları, ümidlə əvəzlə, başımı qoya biləcəyim çiyin olsun, ağlayım, gülüm, yaşayım, unutmayım, unutdurmayım. Mənə, bizə kömək et Tanrım, səndən xahişim budur.”