sevgi ilə göndərilən məktublar
sevgi ilə göndərilən məktublar
Bu yazını bu gündən və bundan bir həftə öncədən, özümə illərdir etiraf edə bilmədiyim bir çox şeyi etiraf edərək və bütün bunları qəbul edib, yoluma davam edərək yazıram. 19 yaşıma daxil olduğum həftədə ən böyük təşəkkürümü, illər öncə çox sevdiyi bir romanı alan, bitirdiyində də həyatdan ayrılmağa qərar verib, sonra hər səhifəsində cümlələrin altını möhkəm-möhkəm xətlər çəkən uşağa borclu idim. Əslində ruhunun acısını o cümlələr təsvir edir və bəlkə bir ümid onu bu yolla anlayarlar deyə bunu etdiyini zənn edirdim. Üstündən illər keçdikcə anlamağa başladım, o uşaq o kitabı bitirməyi heç istəmirdi. 480 səhifəlik kitabın 304-cü səhifəsindəki, “Hamı özünü qorumağı bilir, məndən başqa.” cümləsinin altını xətlədi və bir daha heç tamamlamadı o kitabı. Bu gün podcast-ə qulaq asarkən dayandım və o anda xatırladım bu cümləni. 19 yaşındayam və mən düşündüyümün əksinə yaşamağı, doya-doya hiss etməyi deyil, sadəcə özümü qorumağı öyrənməyə çalışırmışam. Tanıdığım hər kəsdən, hər canlıdan, içində olduğum hər situasiyadan, hər şeydən özümü qorumağa çalışmışam. Əllərim, sözlərim, bütün bədənim və mənliyim savaşmaq üçün hər zaman hazır olub və bu mənim normalıma çevrilib. O zaman anladım, insanlara hiss etdiyim sevgimi, zənn etdiyim qədər vermirəm. Hətda insanları keçdim, əlimdən alacaqlar və ya itirəcəm, ya da hər hansı bir şey olacaq deyə, hər hansı bir cismi, ismi, varlığı, məkanı və ya anı bütün ruhumla hiss etmirəm, orda bir yerdə qaçmaq və ya savaşmaq üçün özümə uyğun şəraiti hazırlayıram. Bütün bunları düşündükdən sonra, bunu heç etməsəmdə, (yəni bunu etmək əvvəllər özümü yetərsiz və cəsarətsiz kimi hiss etdirsədə) ölümdən qorxduğumu, əslində yaşamdan, ölüm bir gün hər şeyi məndən alacaq qorxusu ilə qaçdığımı özümə səsli bir şəkildə etiraf edə bildim. Bütün bunları anlamaq, illərdir topladığın bütün silahları yerə endirmək mənasına gəlir. Amma bilirsənki onları bədəninin hər parçasında gizlətmisən. Üstəlik hər birinin öz yeri və qabı var, hər biri səni qorumaq üçün hazır vəziyyətdədir, hansını nə zaman, kimə qarşı və necə işlədəcəyini öyrənmisən. Yoxsa hər gecə yatdığında, hər səhər oyandığında, hər anında necə güvəndə hiss edəcəkdin? Özümə bu bəhanələri sadalarkən, o uşaq qarşımda durub, tərəddüt ilə gülümsəyən üzü, qulaqlarının yanında olan saçları, durmadan tərləyən əlləri ilə mənə baxırdı. Əlləri yenə çox tərləyir, bəlliki narahatdı, burda olan bir tək mənəmssə, deməkki o uşaq bu səfər məndən narahatdı. Yox, yox, o uşaq məndən sarı narahat deyil, aynada gördüyü əksinin mən olmasından dolayı narahatdı. Üstündə bu qədər silah var, çiçəklər, kitablar, şeirlər və sevgilər hardadı bəs deyə təkrarlanır o səs. Tərləyən əlləri ilə yazdığı yazıları, şeirləri mənə uzadır, sağalmaq üçün əlindən gələni edən bir uşaq olaraq, bəhanələrdən hazırladığım qabların içinə qoyaraq daşıdığım silahların, bizə deyil, digər insanların uşaqlıq hislərini basdırıraq, travmaları ilə hazırladığı silahlar olduğunu xatırladır. Mənə davamlı olaraq xatırlamalı olduğum bir şeyi təkrar edir: heç bir canlının sənin travmaların səbəbi ilə silah hazırlamasına və bunu özünü sənə qarşı qorumaq üçün necə istifadə edəcəyini öyrənməsinə səbəb olma.
Onun duyğularını xatırlayıb, bunları qəbul edəndən sonra, bədənimidə durmadan xəstə olduğu üçün günahlandırmağı və ona pis davranmağı dayandırdım. Həssas olan və tez-tez ağrıyan bədənim deyil, hər zaman savaşmağa hazır olan ruhum idi. Buna görə yorğun idi, deyilənlərə çox inanmışdı. Bu dünyada başqa cür yaşana bilməyəcəyinə, savaşı dəstəkləməzsə vətəni sevmədiyinə, heyvanlardan istifadə etməzsə sağlam olmayacağına, sevginin qan bağları ilə duyulmalı olduğuna, hamının onu tərk edəcəyinə, uğursuz olacağına, sevdiyi işi görərərək istədiyi pulu qazanmayacağına, insanlara yardımın bir fayda olmayacağına, tək əldən səs çıxmayacağına, o bütün bunları, inandığı hər şeyi kənara qoyaraq doğru olaraq qəbul etmişdi. Ancaq indi anlaya bilirəm, uşaqlar hər şeyin ən doğrusunu bilir və hiss edir. Çünki onun heyvanların yaşamının da ən az bizimki qədər dəyərli olmağına inandığını və dad üçün, bayram üçün onlara zərər verilməsindən ləzzət almadığını, bu dünyada başqa cür yaşamağında mümkün olduğunu, savaşın hər nə səbəbə olursa olsun doğru olmadığını və buna inandığımız üçün günahkar olmadığını, sevgini bağı olan və ya olmayan hər canlıya hiss edə biləcəyini, ən kiçik hərəkətlərin belə, böyük nəticələrə gətirib çıxardığını və fayda verdiyini, sevdiyi işi düzgün şəkildə görmənin, onu dünyanın ən rahat yaşayan insanına çevirəcəyini çoxdan bilirdi. Həqiqətləri öyrənmək üçün böyüməyə ehtiyacı yox idi, sadəcə biraz daha gülümsəməli, ağlamalı, sonra yenidən özünə dönüb baxmalı idi, çünki ancaq o zaman anlaya bilərdi doğruları. Çünki o ən başından anlamışdı, dünyaya, savaşlara, əzbərlərə baxaraq insan olmağı öyrənə bilməyəcəyini.
❤
Bunun üçün biraz gecikmiş ola bilərəm, amma artıq başqalarından gözləməyəcəm bunu. Güldüyündə də, ağladığında da səni sevməkdən vaz keçməyəcəm. Qaranlıqdan qorxduğunda, işıq yandıracam, ac olduğunda yemək yediyin üçün əsəbləşməyəcəm, çox və ya az yediyini deməyəcəm. Bir daha konsertinizin bitişində, hamı səhnədən enib valideynini qucaqlarkən, səhnənin ortasında durub tamamilə yalnız hiss etdiyində gözlərinin dolmasına səbəb olmayacam. Artıq heç bir səhnədə, heç bir anında kimsəsiz hiss etməyəcəksən, hər hansı bir işdə yaxşı olmadığını dediklərində, onları ciddiyə almayacam. Səni sevdikcə və sənində bütün bunları bağışladığını hiss etdikcə içimdən də, xaricimdən də, eyni duyğunu yaşayır, bunu insanlara açıqca bəlli edir və artıq bunun yalnış olmadığını anlayıram. Biraz gec olduğunu bilirəm, amma bu səfər bütün sevgim ilə gəldim, hər nə olursa olsun gülümsəyən üzünü, ovuclarımın arasına alıram, səni sevmənin heç bir yalnış və ya çətin tərəfi olmadığını deyirəm. Bu səfər başqa birini gözləmirəm, bu gün sənin çiyinlərindən özüm öpürəm və çoxlu təşəkkür edirəm.