suallar, gecikmələr və fikirlər
suallar, gecikmələr və fikirlər
Alışdığım yerdən ayrıldıqdan sonra və artıq bəzi yerlərə heç getmədiyim üçün, bəlkə də bir növ orda var olmadığım üçün beynimdə bəzi suallar yaranır. Məsələn, hər zaman pişiyim üçün yem aldığım mağazada çalışan görəsən artıq niyə ora gedib yem almadığımı düşünürmü? Ya da binamızın ilk mərtəbəsində yaşayan balaca qız, hər gün gördüyündə maraqlı gözlərlə baxıb, salam verdiyi və qarşılıq aldığında sevindiyi 20-li yaşlarındaki qızı, günlər, həftələrdiki görmədiyi üçün harda olduğunu bilmək istədiyi olurmu? Mən uşaqkən 20-li yaşlarındaki qızlara baxanda, nə vaxt onların yaşında olacağım, necə bir insan olduğum, nələr etdiyim, yaşamın haralarında var olduğum fikirləri canlanırdı zehnimdə. Bəlkə də adını belə bilmədiyim o balaca qız üçün də mən elə bir təsəvvür idim. Adını niyə soruşmadım heç vaxt? Həyat qayğılarına, problemlərimə, yaşamda qala bilməyə başım o qədər qarışmışdıki, hər gün salamlaşdığım uşağın adını soruşmağı unutmuşam, açığı heç ağlımın ucundanda keçməyib. Gərək soruşardım. O tərəflərdə yaşayan çox tanışım var, hansı ki bir-birimizdə nömrələrimiz belə var amma zaman içində əlaqə saxlamağı dayandırmışıq. Görəsən məktəbdə oxuyanda ağlımıza gəlirdiki, bir gün belə olacaq münasibətlərimiz? İndi necədirlər ya da həyatlarında hər şey qaydasındadırmı bilmirəm. Bilməyi istəyərdim, yaşımız daha az olanda bir masa ətrafına toplaşmaq daha rahat idi deyəsən, bir-birimizi bu qədər itələmirdik ya da qınamırdıq. Universitetin ilk illərində çox maraqlı idi, insanlar, görüşlər, keçirilən zaman, dərdlərin danışıldığı masalar, axşamlar. Hətda o zaman aylarca zaman keçirdiyim biri ilə necə olurki indi bir necəsən belə demirik bir-birimizə? Sadəcə tək bir salamı yetərli olaraq qəbul edirik deyəsən. Burada ilk yayımladığım yazını oxuduğunu demişdi, görəsən ondan sonraki yazılarımı, indi bu sətirləri oxuyurmu? Həyatlarımızın bizi, bizimdə həyatlarımızı necə dəyişdiyimiz çox maraqlıdı. Bəlkə yenə də hardasa danışmaq şansı əldə edərik. Tez-tez getdiyim kofe shopdaki çalışan uzun müddətdir harda olduğumu, yazılarımı harda yazdığımı ya da hələ də orta şəkərli kofe içib-içmədiyimi düşünüb, başqa müştərinin sifarişlərini tamamlamağa çalışırmı? Uşaqlıq dostumla eyni qrupda oxuyan qız mənim adımı Çiçək olaraq xatırladığını demişdi. Universitetin ikinci ilində davamlı olaraq rəngli geyindiyim, gözümün üstünə boyalarımla çiçəklər çəkdiyim üçün adımı elə olaraq təsəvvür edib və bunu qəbul edib. Keçən ilin yanvar ayından bu yana daha tünd rənglərdə geyindiyim, çox zaman makyaj etmədiyim, may ayında demək olarki ya ağlayaraq dərslərə qatıldığım ya da ümumiyyətlə heç getmədiyim üçün nələr olduğunu bilmək, rənglərimin hara getdiyini öyrənməyə çalışdımı? Son zamanlarda podcast qeyd edə biləcək qədər rahat nəfəs ala bilmirəm, mənim sadəcə səsimi eşidən biri varsa əgər, yeni bölümü yayımlamağı gözləyərkən, hər gün girib təkrar-təkrar baxırmı? 5-ci sinifdə oxuyarkən bir sinifyoldaşım var idi, artıq üz cizgilərini xatırlaya bilmirəm, onun haqqında tək xatırladığım şey adı və soyadıdır. İndi hardadır, həyatdadırmı, kimlədir, doğulduğu ölkəyə geri qayıtdımı, görəsən həyatında heç aşiq oldumu, məni xatırlaya bilirmi, partayoldaşı olduğumuz və o sinifdən ayrılarkən sağollaşdığım tək insan olduğu hələ də yadındı? Görəsən xatirələri arasında yer alıram? Qardaşımın iti, yeni ailəsi ilə hardadır? Nələr olduğunu hiss etmişdi? Qardaşımın onunla keçirdiyi zamanları, onun qoxusunu, kim olduğunu, mənimlə bağlı dediklərini, birlikdə yuxuya getdiklərini, onun otağının içindəki əşyaları xatırlaya bilir görəsən? Bəlkə də darıxdığı zamanlar olmuşdu. Mən də həm Yen üçün, həm də qardaşım üçün çox darıxıram. Bacım işdən vaxt tapdıqca mənə yazmağa çalışır, o da önəmli şeylər olduğunda, ağlında mənimlə danışmağa başlayır? Anam bəzən yazdığım yazılarımı mənim xəbərim olmadan oxuyurdu, indi onlardan hansınısa xatırlayır? Uşaqlıq oyuncaqlarımız rayondaki evimiz ən üstündə, hamısı bir yerə toplanmış şəkildə durur hələ də. Onlarla oynamağa doymamışdım. Mənimlə danışsınlar deyə onlara yalvarırdım. Ümid edirəm ki, illərdi onları qaranlıqda buraxdığım üçün məndən küsməyiblər.
Yazdıqca düşünməyə başladım ki, görəsən qaranlıqda saxlanılan hər bir parçam üçünmü indi qaranlıqda qalmaqdan qorxuram. Bəlkə də mənim xəbərim belə olmadan tarazlıq qorunur. Əvvəl yanına getdiyim həkimlər var idi, onların ağılına heç gəlmişəm? Sağaldığım üçünmü gəlmədiyimi düşünürlər, ya müştəri itirdiklərini? Həyatda qalıb-qalmadığım onlara maraqlı gəlir? Orta məktəbdə oxuduğum illərdə paralel olaraq musiqi məktəbinə gedirdim, mənim müəlliməm məndən sonraki tələbələrinə mənimlə bağlı nəsə deyib? İldə bir neçə dəfə saçımı qısa kəsdirmək üçün getdiyim saç ustası harda olduğumu, saçımı yenidən qısaltdığımı və ya artıq uzatmağa qərar verdiyimi düşünürmü? Ən yaxın dostlarımdan biri ona verdiyim çox önəmli sözü tutmadığımı və özümə zərər verməyə çalışdığımın fərqinə varmışdı? Keramik fincanlarımdan birini hədiyyə etdiyim insan o fincanı işlədərkən saniyəlikdə olsa ağlından keçdiyim olur? İlk keramik dərsləri almaq istədiyim zamanlarda ağlımda hazırlamaq istədiyim hədiyyə fikri var idi, o hədiyyəni bəyənib-bəyənməyəcəyini düşünürdüm. O hədiyyəni bu günklü günə qədər düzəltməmişəm, bəlkə də düzəltmiş olsaydım hədiyyədə edə bilərdim, hər nə qədər artıq aramızda güclü bağ qalmamış olsada. Ola bilsin bu yaxınlarda düzəldim, onu gördüyüm bir vaxtda, ya da görüşmək üçün mesaj atdıqdan sonra hədiyyəsini verərəm. Bəlkə də bunu heç vaxt etməyəcəm. Podcastımı dinləykən ağlayan insanlar olduğunu bilirəm, yazılarımı, şeirlərimi oxuyarkəndə duyğulanan biri var, olub, olacaq? İnsanı əyləndirən, güldürən şeylər yazmağı istəyərdim, amma qələmimin belə olmamasını daha çox sevirəm.
Fikirlərimin ən filtersiz olan halı budur. Bəlkə də hələ də qardaşım yazdığım şeyləri oxuyanda gəlib mənimlə zaraftlaşır və ya köməklik edir. Mənə birlikdə mahnı bəstələyə biləcəyimizi demişdi, o zaman bunun üzərində çox çalışsam, bəlkə də indi bəstələdiyimiz mahnımız olacaqdı. Bu peşmanlıqlarım arasında yer alır. Bunu oxuyan sən, xahiş edirəm, hal-hazırda nə ilə bağlım tərəddüt duyursansa, bunu oxuyub, bitirdiyində get və həmən şeyi et. Məncə insanın kaş edərdim peşmanlığı çox ağırdır. Qardaşımla mahnı bəstələmədiyim, danışmaq istədiyim milyonlarla mövzu olmasına baxmayaraq, orda oturduğum müddətdə heçnə demədiyim üçün peşmanlıq hiss edirəm. Qısacası gözləmək, bəlkə başqa zaman demək kimi peşmanlıqlarım var. Ola bilsin o başqa zaman heç gəlməyəcək. Bəstələməyi düşündüyünüz o mahnını elə bu gün bəstələyin, o insanı bəyənirsizsə, bunu bir işarə olaraq qəbul edin və bir addım atın, bilirəm hal-hazırda qürurunuzu öndə tutursunuz, amma mesaj atmış, zəng etmiş olmaq, heçnə etmədən, suallar içində yaşamaqdan daha az ağrıdacaq. Yayımlamaqdan qorxduğunuz sənət əsərinizi indi yayımlayın. Saat 18:00 olduğunda sosial media aktivləşir, bəlkə daha geniş kütləyə çatmağınıza yardım edər. Bu arada hələ də kitab rəfində gözləyən kitabını oxusan əla olar bəlkə? Yardım istəməyin dünyanın sonunu gətirməyəcək, amma sənin sonunun daha gec gəlməsinə kömək edə bilər. Gözündə böyütdüyün imtahan balı sənin kim olduğunu təyin etməyəcək. Önəmli olduğunu bilirəm, amma sənin daha önəmli olduğunu düşünürəm. Uşaqlıqdan saxladığın rəngli karandaşlarla random xətlər, işarələr, şəkillər çəkməyi yoxlamaq fikri necə gəlir sənə? Qramatik səhvlər edirsən deyə yayımlamaqdan qaçdığın yazıları yayımla məncə, mənasını anlamağa çalışan üçün bu səhvlər gözlə görülən məqamlar olmayacaq deyə ümid edirəm. Çünki məndə tez-tez edirəm bu səhvləri. Bu arada dağınıq fikirlərin içində üzürəm deyə, çantamda həm kitab, həm dəftər, həm sketchbook, həm kamera, həm qələm, həm də dodaq boyalarımı daşıyıram. Ağır olduğunu bilirəm, amma sürətlə qərar dəyişdirirəm və əşyalarıma çox bağlanıram. Buda mənim varoluş formamdı. Tez-tez özümə zərər vermək haqqında düşünsəmdə, yaşamaq üçün etməyəcəyim şey yoxdu. Çox yorğunam və etməyi istədiyim çox şey var. Demək olar hər gün hansı tattoonu etməyi istədiyimi düşünürəm. Sizlə danışdığım müddətdə arxa planda tablomu düşünürəm, amma çox zaman bu düşündüyüm tablonu heç çəkmirəm. Çünki düşünməkdən o qədər yoruluram ki, çəkmək üçün gücüm qalmır.
Amma siz yenə də düşündüyünüz şeyi edin. Məsələn bu yazı uzandıqca uzanır. Gecə yarısıdı və yazmağa davam edirəm. Özünüzə yaxşı baxın, yolda çiçək görsəniz gülümsəyib keçin, bəlkə eyni çiçəyə gülümsəmiş olarıq. Bu yazını burda bitirirəm.
Oxuduğunuz üçün təşəkkürlər.