üzməyi birlikdə öyrəndiyimizi xatırlayırsan ?
üzməyi birlikdə öyrəndiyimizi xatırlayırsan ?
Sonuncu danışığımızın üzərindən artıq bir il keçib. Son bir ildə həyatım tam olaraq istədiyim yöndə dəyişməyə və şəkil almağa başlayıb. Tez-tez harada olduğunu, nələr etdiyini düşünürəm. Yatağımdan özümü çətinliklə qaldıra bilmişəm və sənin üçün bu məktubu yazmağa qərar vermişəm. Sənin fiziki olaraq aramızdan ayrılışından sonra aylarca dənizi görməyə gedə bilmirdim. Xatırlayıram ki, həyatda ikən sonuncu dəfə qeyd etdiyin doğum günündə sən vətənə qayıtmışdın, amma mən kilometrlərlə uzaqda idim. Sənin yaxşı olmana, olacağına ümid edirdim. Çünki hələ birlikdə uzunca illərimizin olduğunu düşünürdüm. Sonuncu dəfə dənizə ayaq basdığımda 2022 avqust idi. O günü xatırlayıram. Ayaqlarımın quma dəyməyəcəyi yerə qədər üzüb, ayaq barmaqlarımın ucuyla yavaşca təkan verib, özümü tamamilə dənizə buraxmışdım. O an hələ də zehnimdə çox canlıdı.
"Göyün üzərində buludlar var, hava biraz sərindi, birazdan yağış yağmağa başlayacaq deyə dənizlə sağollaşıb çıxacam. Qulağımda sadəcə dalğaların səsi var. Üfüqdə çəhrayılıq, qəlbimdə sakitlik suyun üstündə uzanmışam. Evimdən çox uzaqdayam, amma həyatımda ilk dəfə evimə bu qədər yaxın hiss edirəm. Bir yandan da bilmirəmki, evdənmi qaçıram, evdəkilərdənmi qaçıram yoxsa səyahətmi edirəm, heç birinə dəqiq cavabım yoxdur. Hardasa əmin olduğum tək şey var, getdiyimi düşünürəm, getmişkən tamamilə gedim, bəlkə, deyə düşünürəm. Fikirləşirəm ki, ola bilsin indi ya da nə vaxtsa dəniz məni alsın, aparsın. Zehnim rahatdı, hiss edirəm, o günün bu gün olmadığını bilir, bəlkə bu gecə olar, amma indi deyil, bilir. İllər boyunca həmişə deyirdim ki, bir gün ölüm yerimi seçmə şansım olsa, dənizi seçərəm, su məni yusun, aparsın. Seçmədiyim hər şeyin çirkabından ayırsın məni, necə indi zehnimi yuyur, bədənimidə yusun, ölərkən təmiz ölüm deyirdim. Nə sahil o sahil deyil, nə də dəniz o dəniz deyil. İllər öncə ilk dəfə girdiyimiz dənizdən çox uzaqdır bu dəniz. Yadımdadır hələ də, sən özünü dənizə buraxırdın, o da səni yavaşca qaldırırdı, uzanırdın və baxırdın ətrafa. Bilirdim ki, gözlərin dəqiqliklə görə bilmir, amma səndə görməyi istəmirsən. Suyun bədəninə dəyməsi, qulaqlarından içəriyə dənizin səsinin dolması, gözlərinə düşən günəşin şəfəqləri, sən hiss etməyi istəyirsən, sən hiss edərkən orda olmağı istəyirdim mən də. Sonrasında dostlarından, tanışlarından dinlədiyim hekayələrdə də öyrənirdim ki, elə sən də seçirmişən hiss etməyi, ən ağrılı tərəfi elə sən özün də seçirmişən getməyi. Biz nəyi istəyirdik? Nəyi seçirdik? Hansı dənizdə yaşamı dadıb, hansı dənizdə yaşamdan ayrılacağımızı? İllər öncə sonuncu dəfə dənizdən yağış yağmağa başladığı üçün çıxmışdım, sonra necə oldusa heç cürə alınmadı, çox istəsəm də nə yayında, nə qışında ayaq basa bilmədim dənizinə bu dünyanın. Məni sudan ayıran şey elə suyun özü olmuşdu. Düşünürəm hələ də, səni ayıracaq bir damcıda olsa su qalmamışdı heç? Üzməyi birlikdə öyrəndiyimiz zamanları xatırlayıram, kürəyimindən tutub məni suyun üzərinə qaldırdığın anları, biraz-biraz üzməyi öyrəndikcə həyacanla sənə göstərməyə çalışmağımı, sənin həvəslə öyrənməni və mənim öyrəndiyim zamanları sevinclə izləməni. Boğulmaqdan qorxmurdum, narahatda olmurdum. Siz orada idiz. Birlikdə öyrənirdik, birlikdə üzür, birlikdə böyüyürdük. Onda elə bilirdim ki, elə həyat budu. Dəniz, sahil, dağlar. Geri qalan hər şey gəlir və gedir, insanlar, evlər, sözlər və hislər. Dənizlər qalır, dağlar, sahillər qalır. Bizlər gəlirik və gedirik. Dəniz özü qalsa da, dalğaları gəlir və yenidən gedir. Bizdən birinin qalmasını gözləmək qəribə gəlir artıq mənə. Yəqin biz özümüz də bu sahilə gələn bir dalğa idik.
Üzməyi birlikdə öyrəndiyimizi xatırlayırsan? İllər öncə yağış yağdığında o dənizdən ayrılarkən, böyük bir dalğanın gəlib bizləri ayrı istiqamətləri aparacağını düşünməzdim, buna inanmırdım. Bunun olmasından qorxurdum, amma bu qədər tez olsun heç istəməzdim. Üzməyi birlikdə öyrənmişik, amma necə olubsa ayrı dalğalarda boğulmuşuq. İlk dəfə eyni dalğa yuyub bizi, indi ayrı dənizlərdəyik. Səndən xəbər gəlməyəndən bəri üzməyidə unutmuşdum. Elə çalışırdım ki, boğulmayım gəlib səni aparan dalğaların arasında. Bu səfər, dalğaların altında qalmamaq üçün barmaq uclarımla itələdim özümü yuxarıya. Dəniz də, göyün üzü də qaranlıq idi, aldığım nəfəs idi, yoxsa ciyərimə dolan su idi bilmirəm. Üfüqdən işıq gözləyirdim ya da məni çıxara biləcək birini."